
Özbəkistan universitetlərinin Bakıda II Sərgisi
Bakıda keçirilən II Özbəkistan Universitetləri Təhsil Sərgisində 2 mindən çox gənc iştirak edib. "Ingla International ETC" tərəfindən təşkil olunan tədbir iki ölkə arasında akademik tərəfdaşlığı yeni zirvəyə qaldırıb.
Məsləhət AlSərgi Haqqında
Azərbaycan və Özbəkistan arasında təhsil diplomatiyası və akademik tərəfdaşlıq yeni bir zirvəyə yüksəlir. Ötən il Bakıda böyük uğurla təşkil olunan və iki qardaş ölkə arasında tarixi bir başlanğıcın əsasını qoyan ilk təhsil sərgisinin ardınca, bu il Bakıda Özbəkistan Universitetlərinin II Təhsil Sərgisi keçirilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) baş tutan bu genişmiqyaslı tədbir, həm dövlət rəsmilərinin, həm də gənclərin böyük izdihamı ilə yaddan qalıb.
Bu Sərgi "Ingla International ETC"-nin müstəsna təşəbbüsü, Özbəkistan Ali Təhsil Nazirliyi və Özbəkistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı, eləcə də AMEA Mərkəzi Elmi Kitabxanasının yaxından dəstəyi ilə baș tutub. Sərginin rəsmi media tərəfdaşlığını isə geniş informasiya dəstəyi ilə "Crossmedia.az Analitik Informasiya Portalı həyata keçirib.
Tədbirin rəsmi açılış mərasimi hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Bu rəsmiyyət sərginin sadəcə təhsil deyil, həm də dövlətlərarası humanitar əlaqələrin ən mühüm platformalarından biri olduğunu növbəti dəfə sübut edib.
II Təhsil Sərgisi Azərbaycan və Özbəkistanın ictimai-siyasi, mədəni və elmi elitasını bir araya gətirib. Tədbirdə rəsmi qonaq qismində:
Baxram Aşrafxanov – Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri;
Anar İsgəndərov – Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri;
Günay Əfəndiyeva – Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini;
Müşviq Cəfərov və Nigar Məmmədova – Azərbaycan Parlamentinin üzvləri, deputatlar;
Gülyanaq Məmmədova – Azərbaycanın və Özbəkistanın Xalq artisti;
Eləcə də çox sayda QHT rəhbərləri, ziyalılar, elm xadimləri və media nümayəndələri iştirak ediblər.
Çıxış edən qonaqlar ötən il təməli qoyulan bu təşəbbüsün artıq gözəl bir ənənəyə çevrildiyini, Türk dünyasının inteqrasiyasında gənclərin təhsil mübadiləsinin əvəzsiz rol oynadığını xüsusi vurğulayıblar.
Sərginin əhatə dairəsi gənclər üçün unikal imkanlar pəncərəsi açıb. Tədbirdə Özbəkistanın 10-a yaxın ən qabaqcıl özəl və dövlət universitetinin 30-a yaxın rəsmi nümayəndəsi (rektorlar, prorektorlar və beynəlxalq şöbə rəhbərləri) iştirak edib.
Özbəkistandan gələn nümayəndə heyəti yalnız sərgi günü ilə kifayətlənməyərək, yanvarın 30-da Azərbaycandakı bir sıra aparıcı ali məktəblərdə işgüzar görüşlər keçirib, buradakı elmi mühit, innovativ tədris metodları ilə yaxından tanış olublar. Bu görüşlər yaxın gələcəkdə universitetlər arasında ikili diplom proqramlarına və birgə elmi araşdırmalara yol açacaq mühüm addım kimi qiymətləndirilib.
Yanvarın 31-də reallaşan sərgi günü isə əsl tələbə bayramına çevrilib. Sərgidə iki mindən çox azərbaycanlı gənc və valideyn iştirak edərək stendləri ziyarət edib. Gənclər heç bir vasitəçi olmadan, birbaşa universitet rəhbərləri ilə ünsiyyət quraraq tibb, mühəndislik, informasiya texnologiyaları, biznes və humanitar sahələr üzrə təhsil proqramları haqqında ətraflı məlumat əldə ediblər.
Sərgidə tələbələrə Özbəkistanda mövcud olan müxtəlif daxili təqaüd proqramları, güzəştli qəbul şərtləri və müasir kampus imkanları təqdim olunub. Ən əsası, təqdim olunan universitetlərin hamısı dövlət akkreditasiyasından keçdiyi üçün onların diplomlarının Azərbaycanda rəsmi tanınması (nostrifikasiya) məsələləri gənclərə ətraflı izah edilib.
Ötən il reallaşan birinci sərginin ardınca, bu il Bakıda II Özbəkistan Universitetləri Təhsil Sərgisinin belə yüksək dövlət və beynəlxalq səviyyədə baş tutması "Ingla International ETC"-nin xaricdə təhsil sahəsindəki peşəkarlığını və sahə liderliyini bir daha təsdiq etdi.
"Ingla" komandası azərbaycanlı tələbələrin qarşısında tamamilə yeni, keyfiyyətli və əlçatan təhsil yolları açmaq missiyasını uğurla davam etdirir. Bu sərgi, hər iki qardaş ölkənin gələcək elmi potensialını formalaşdıracaq gənclər üçün silinməz bir iz və böyük imkanlar bəxş etdi.
